Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandasının UEFA Millətlər Liqasının oyununda İtaliya yığmasına 1:3 hesabı ilə məğlub olmasını şərh edib.
Türkiyəlilər 61-ci dəqiqədə Aral Şimşirin qolu ilə hesabı bərabərləşdirib. Ancaq cəmi üç dəqiqə sonra İtaliya millisi yenidən önə keçib. İtaliyalılar qarşılaşmanın sonlarında daha bir qol vuraraq qələbəsini rəsmiləşdirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Montella, məğlubiyyətə baxmayaraq, futbolçularının oyunundan razı qaldığını bildirib:
“Burada “məyusluq” sözünün uyğun olub-olmadığını bilmirəm. Çünki biz şübhəsiz ki, yaxşı oynadıq. İtaliyadan heç də pis deyildik, hətta bəzi məqamlarda daha üstün idik. Futbolçularımızın əzmi və xarakterindən razıyam. Rəqibin cərimə meydançasına yaxın ərazilərdə daha düzgün qərarlar verməli idik. Həmçinin, cərimə meydançamıza edilən qaçışları daha yaxşı nəzarətdə saxlaya bilərdik. Mənim yeganə iradlarım bunlardır. Amma futbol belədir, bu səviyyədə hər şey xırda detallardan asılı olur. Bu, bizim üçün çox faydalı təcrübədir”.
Türkiyə millisi qrupda keçirdiyi dörd oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.