Yaponiyalı bacı-qardaş Bakıda keçirilən cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
Newsport.az-ın məlumatına görə, Hifumu Abe 66 kq çəki dərəcəsində həlledici görüşdə iştirak edəcək.
Onun rəqibi İspaniya təmsilçisi David Qarsiya Torne olacaq.
Uta Abe isə 52 kq-da qızıl mükafat üçün tatamiyə çıxacaq. O, finalda digər ispan Ariane Toro Solerlə münasibətlərə aydınlıq gətirəcək.
Yaponiyalı cüdoçular 2018-ci ildə də Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıblar.
Dünya çempionatının rəsmi açılış mərasimi bu gün, saat 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.