PSJ-nin sahibi və Avropa Klublar İttifaqının (EFC) rəhbəri Nasser Əl-Xelaifi dünya üzrə klubları birləşdirəcək “World Football Clubs” adlı yeni qurumun yaradılmasını təklif edib.
Onun sözlərinə görə, futbol klubları artıq yalnız öz ölkələri və regionları ilə məhdudlaşmır və qlobal təsirə malikdir, buna görə də dünyanın bütün klublarının təmsil olunacağı vahid platformaya ehtiyac var. Əl-Xelaifi EFC-nin əsas məqsədinin klubların maraqlarını qorumaq və futbolun inkişafına kömək etmək olduğunu bildirib, eyni zamanda böyük və kiçik klubların əməkdaşlığının vacibliyini vurğulayıb.
Jurnalist Ben Ceykobsun məlumatına görə, assambleyanın bəzi iştirakçıları yeni qurumu qeyri-rəsmi “altıncı konfederasiya” kimi qiymətləndirirlər və onun FIFA-nın, eləcə də qurumun prezidenti Canni İnfantinonun futboldakı mövqeyinə meydan oxuya biləcəyini düşünürlər.