Niderland millisinin yarımmüdafiəçisi Ticani Reynders Səudiyyə Ərəbistanının “Əl-Qədisiyyə” klubuna keçidində yüksək maaşın mühüm amil olduğunu etiraf edib.
28 yaşlı futbolçu yay transfer pəncərəsində “Mançester Siti”dən 61 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisinə keçib.
Reynders bildirib ki, onun başqa təklifləri də olub, lakin bəzi variantlar baş tutmayıb, digərlərində isə danışıqlar tələb olunan transfer məbləğinə görə dayanıb. Futbolçu “Mançester Siti”də daha bir mövsüm qalaraq özünü tam xoşbəxt hiss etməməkdənsə, yeni macəraya başlamağı seçdiyini söyləyib.
“Əl-Qədisiyyə”nin nümayəndələri və baş məşqçisi ilə danışdıqdan sonra qərarından məmnun qaldığını deyən Reynders yüksək maaşın da seçimində ciddi rol oynadığını gizlətməyib: “Orada təklif olunan maaşdan istənilən futbolçunun və ya insanın imtina etməsini təsəvvür etmək çətindir. Hamımız prinsipial görünə və “mən razı olmazdım” deyə bilərik. Amma düşünürəm ki, insanların əksəriyyəti belə məbləğ qarşısında “hə” deyərdi”.
Xatırladaq ki, daha əvvəl Səudiyyə klubunun Reyndersə 5 illik müqavilə və illik 20 milyon avro maaş təklif etdiyi barədə məlumat yayılmışdı.