“Barselona”dan ayrılaraq “Dubay”ın baş məşqçi postuna keçməsindən 60 gün sonra Xavi Paskual keçmiş klubu ilə bağlı səssizliyini pozub.
Kataloniyalı mütəxəssis “Catalunya Ràdio”nun “El Suplement” proqramına açıqlamasında “Barselona”nın onun üçün xüsusi yer olduğunu bildirib. O, ayrılmasının səbəbinin maliyyə olmadığını vurğulayıb: “Palau” mənim müqəddəs məkanım, evimdir. Orada olduğum qədər heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Ayrılma səbəbim pul olsaydı, heç vaxt bura gəlməzdim. Daha yüksək məbləğdə təkliflərim var idi. Mən heç vaxt klubu günahlandırmamışam”.
Paskual klub prezidenti Joan Laporta ilə münasibətlərinin də dəyişmədiyini deyib. O, Laporta ilə yaxşı dialoqunun davam etdiyini və prezidentin ilk gündən ona hörmətlə yanaşdığını qeyd edib.
Mütəxəssis “Barselona”dakı ikinci dönəmi barədə Pep Qvardiola ilə söhbətindən də danışıb: “Pep ilə ikinci dönəmlərin nə qədər mürəkkəb olduğu barədə danışdıq. “Barselona”da da vəziyyət məhz belədir. Bir neçə dəfə “xeyr” desəm də, sonda doğru zamanın gəldiyini hiss etdim və buna görə peşman deyiləm. Düşünürəm ki, kluba müəyyən qədər sabitlik gətirdim. “Barselona” azarkeşi kimi həmin dövrdə verdiyim töhfədən xoşbəxtəm”.