“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...

“Barselona” 2025/26 mövsümündə rekord gəlir əldə etməsinə baxmayaraq, maliyyə ilini zərərlə başa vurub.

Newsport.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun mövsüm ərzində gəliri 1,06 milyard avro təşkil edib. Bununla belə, “Barselona” maliyyə ilini 18 milyon avro zərərlə tamamlayıb.

Beləliklə, klub ardıcıl 3-cü mövsümdür maliyyə ilini zərərlə başa vurur. Hesabat sentyabrın 19-da keçiriləcək ümumi yığıncaqda klub üzvlərinin təsdiqinə təqdim olunacaq.

“Barselona”da bildirirlər ki, klubun əsas fəaliyyəti gəlirli olaraq qalır. Lakin fövqəladə xərclər yekun maliyyə nəticəsinə mənfi təsir göstərir.

Əsas problemlərdən biri klubun audiovizual, rəqəmsal və əyləncə məzmununun hazırlanması və kommersiyalaşdırılması ilə məşğul olan törəmə şirkəti “Barça Productions”la bağlıdır. Ötən maliyyə ilinin nəticələrinə əsasən, “Barselona” bu aktivin dəyərini daha 23 milyon avro azaldaraq 116 milyon avroya endirib.

2023/24 mövsümündə “Barça Vision” adlanan bu aktiv 408 milyon avro qiymətləndirilirdi. Sonrakı mövsümdə klub daha 90 milyon avroluq silinmə həyata keçirib. Hazırda “Barselona” “Barça Productions”ın 63 faizinə sahibdir.

Problemin şirkətin dəyərinin artırılması və ya yeni investorların cəlb edilməsi ilə həll oluna biləcəyi bildirilir. Lakin ikinci variant hazırda az ehtimallı hesab olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right