"Gəncəbasar"ın təqdimat mərasimində klubun icraçı direkoru İlqar Nadiri jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az klub rəsmisinin fikirlərini diqqətinizə çatdırır:
Son bir ildə bununla bağlı müzakirələr gedirdi. Bu müzakirələrin sonu olmalı idi. Bu günə qismət oldu. "Cəbrayıl" klubunu aldıq və adını dəyişdik. Bu gün Gəncə ikinci klubun yaranmasının təməli qoyuldu.
- Klubun hədəfi nə olacaq?
- Klub yeni yaranıb. Struktur formalaşdırmaq istəyirik. Gəncə böyük şəhərdir. İstəyirik ki, burada ikinci klub olsun və özünəməxsus iz qoysun. Gələcəyə doğru addımlar atmağı planlaşdırırıq.
- Komanda ev oyunlarını harada keçirəcək?
- Uzun müddətdir ki, müzakirələr gedir. Oyunlarımızı Gəncə şəhər stadionunda keçirəcəyik. Ehtiyat stadion kimi də Yevlax şəhər stadionu gündəmdədir.
- Gəncə şəhər stadionunda "Kəpəz" də ev oyunlarını keçirir. Meydançanın ot örtüyü ilə bağlı narahat deyilsiz?
- Bununla bağlı hər hansı risk olsa, Yevlax şəhər stadionundan istifadə edəcəyik. Mənim "Kəpəz"də rəhbərlik etdiyim dönəmdə bu praktikadan istifadə etmişik, Qəbələdə oynamışıq. Böyük şəhərlərdə böyük komandaların bir stadionunun olması normaldır.