Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub.
Newsport.az-ın məlumatına görə, tədbir mundialın keçirildiyi Milli Gimnastika Arenasında gerçəkləşib.
Açılış mərasimində Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, İJF və ACF nümayəndələri, həmçinin dövlət rəsmiləri iştirak ediblər.
İlk olaraq Azərbaycan idmanına həsr olunmuş film nümayiş olunub. Ardınca tədbirin rəsmi hissəsi start götürüb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev qonaqları salamlayıb:
"Cüdo ailəsini Bakıda salamlamaq bizim üçün şərəfdir. Ölkəmizdə idmana, cüdoya diqqət və qayğı göstərilir. Ölkəmiz Prezident İlham Əliyevin sayəsində möhtəşəm idman mərkəzinə çevrilib. Uğur hekayəsinin vacib hissəsi beynəlxalq əməkdaşlıqdır. Bakıda dünya çempionatı təşkil olunduğu üçün Marius Vizerə təşəkkür edirəm. Əsas məqsədimiz cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirməkdir. Bu fəlsəfə dövlətimizin siyasətinin əsasını təşkil edir. Hər birinizə unudulmaz anlar arzulayıram, Azərbaycana xoş gəlmişsiniz".
İJF prezidenti Marius Vizer tədbir iştirakçılarını salamlayıb və idmançılara uğurlar arzulayıb:
"Azərbaycana xoş gəlmişsiniz. Azərbaycan yeni texnologiyaların və enerjinin diyarıdır. Bizə dəstəyinizə görə sizə təşəkkürümü bildirirəm. Azərbaycan Cüdo Federasiyasına da qazanılan nailiyyətlərə görə təbriklərimi çatdırıram. Həmrəyliyə, dostluq naminə bu tədbirləri keçirən hər kəsə minnətdaram. Cüdo üzrə dünya çempionatını açıq elan edirəm".
Rəsmi hissədən sonra bədii hissə start götürüb və iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Qeyd edək ki, ötən gün start götürən mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.