"Kəpəz" Misli Premyer Liqasının VII turunda səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb:
- Bura gələn azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Heyətdə itkilərimiz var idi. Meydana çıxan futbolçular onları layiqincə əvəz etdilər. Bilirdik ki, çox çətin oyun olacaq. "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişiklik adətən komandaya müsbət təsir göstərir. Yeni məşqçinin oyun üslubunu təhlil etmək üçün imkanlar tapa bilmirdik. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Onlara təşəkkür edirəm. Rəhbərlik bizə hərtərəfli dəstək olur. Bu qələbə onların zəhmətinin bəhrəsidir. Oyun çox dinamik keçmədi. Əsas qələbə idi. Buna da nail olduq.
- Sizcə, Rojerio Santos komandanın neçə faizidir?
- Faiz olaraq danışmayacağam. Hər futbolçunun hansısa üstünlüyü, bacarığı ola bilər. Bizdə də elə futbolçular var. Çalışırıq ki, ad olaraq yox, yaxşı komanda yaradaq. Hansısa futbolçu daha çox seçilə bilər. Amma biz komandayıq. Belə də davam edəcəyik.
- Namik Ələskərovla Rəhman Hacıyevi gələcəkdə də eyni anda meydanda görə bilərik?
- Bəli, olacaq. Hazırda optimal heyətimizi tam qərarlaşdırmağa çalışırıq. Namik Rəhmanla da, Abubakarla da birlikdə oynayacaq. Komandada elə futbolçu qalmayacaq ki, ona şans verilməsin. Hamıya şans verəcəyik.
- "Zirə" ilə xallarınız bərabərləşdi. Növbəti turda onlarla oynayacaqsız. Həmin qarşılaşmanı 6 xallıq oyun adlandırmaq olar?
- Bizim üçün qazandığımız hər xal elə 6 xaldır. Çünki bizim müəyyən maliyyə dəstəyimiz və ona uyğun gücümüz var. "Zirə"yə gəlincə, bizi Gəncədə çox ağır oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərə yaxşı oyun göstərib xallar qazanacağıq.