UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi komandaların mətbuat konfranslarının və açıq məşqlərinin proqramı müəyyənləşib.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Kaunasdakı "Dariaus ir Gireno" stadionunda baş tutacaq media tədbirləri sentyabrın 26-da təşkil olunacaq.
İlk olaraq media mənsublarının qarşısına Azərbaycan milli komandası çıxacaq. Yığmamızın mətbuat konfransı Bakı vaxtı ilə saat 16:15-də start götürəcək. Bu tədbirdən dərhal sonra, saat 17:00-da isə millimizin rəsmi məşqi başlayacaq və hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Meydan sahibləri Litva milli komandasının proqramı isə axşam saatlarına təsadüf edəcək. Litvalıların mətbuat konfransı Bakı vaxtı ilə saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da sözügedən arenada baş tutacaq.
Qeyd edək ki, sentyabrın 27-də eyni stadionda keçiriləcək Litva – Azərbaycan qarşılaşması Bakı vaxtı ile saat 17:00-da başlayacaq.