“Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurmaqla rekorda imza atıb.
Newsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.
Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin KuPS (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orhus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.
Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.
Qeyd edək ki, Velko Simiç rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.