“Qarabağ” Abdulla Zubirin Qətər klubuna keçidinə görə qazanc əldə etməyəcək. Ağdamlılar kapitanı ilə yolları qarşılıqlı razılıqla ayırıb.
Newsport.az xəbər verir ki, Mərakeş əsilli fransalı oyunçunun müqaviləsi gələn yay başa çatacaqdı. Klubun yaydığı açıqlamada isə sol cinah hücumçusu ilə müqavilənin yenilənmədiyi qeyd olunub. Halbuki avqust ayında meydana çıxan oyunçunun anlaşmasının məhz indi bitməsi, müddətin uzadılmaması doğru deyil.
Zubir yeni klubu olacaq “Əl-Şahaniya”dan hələ martda təklif almışdı. O zaman razılıq əldə olunmamış, danışıqların davam etdirilməsi qərara alınmışdı. 34 yaşlı futbolçu “Qarabağ” rəhbərliyi ilə yayda gedişinə icazə veriləcəyi vədi almışdı. Belə ki, Qətər klubu Zubirin tələb etdiyi məbləğ verəcəyi halda, klub onun gedişinə problem yaratmayacaqdı.
İndi məhz belə olub. Asiyalılar Abdullahın yüksək maaş (təxminən ilə 1,5 milyon avro – red.) tələbini qəbul etdiyindən, o, getmək qərarına gəlib. Karyerasının sonunda iki illik müqavilə ilə yaxşı qazanc əldə etmək istəyən fransalının arzusu nəzərə alınıb. “Qarabağ” rəhbərliyi Zubirin 8 illik xidmətini nəzərə alaraq, onun azad agent kimi getməsinə şərait yaradıb, heç bir kompensasiya tələb etməyib.
Zubir artıq Qətərə yollanıb. Onun yeni klubu ilə müqaviləni tezliklə rəsmiləşdirməsi gözlənilir.