"Synergy Baku" "Tour d’Azerbaïdjan-2016"nın qalibidir

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşü Azərbaycanın "Synergy Baku" kontinental komandasının çempionluğu ilə yadda qalıb.

Newsport.az saytının məlumatına görə,velosipedçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlamaqla, ötən il olduğu kimi, bu dəfə də azarkeşlərə çempionluq sevinci yaşadıblar.

Start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olan, paytaxt küçələri ilə keçirilən və 158 km-dən ibarət sonuncu, 5-ci mərhələ öncəsi Avstriyanın "Felbermayr - Simplon Wels" klubuna 1 dəqiqə, 21 saniyə uduzan "Synergy Baku"nun əla komanda işi yekunda öz nəticəsini verib. Velosipedçilərimiz nəinki geriliyi aradan qaldırıblar, hətta yekunda "Felbermayr - Simplon Wels"i 7 dəqiqə, 14 saniyə qabaqlamağı da bacarıblar.

Fərdi nəticələrə gəlincə, marşrutu 3 saat, 41 dəqiqə, 46 saniyəyə başa vuran Almaniyanın pro-kontinental "Bora-Argon 18" klubunun üzvü Mikael Şvarzman finişi birinci keçib. İsveçrənin pro-kontinental "Roth" komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.

"Synergy Baku"nun  üzvlərinə gəlincə, mərhələ qalibi ilə eyni vaxt göstəricisinə malik Maksim Averin finişi 4-cü, Matey Müqerli 8-ci, Yannis Tamuridis isə 9-cu keçib. 5 mərhələnin yekununa əsasən, ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Markus Eybeger qazanıb. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 14-cü, Matey Müqerli isə 17-ci yeri tutub.

Ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb. Yaponiyanın " Bridgestone" klubunun üzvü Tomas Lebas ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini qazanıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan AzVİF köynəyini isə yığma komandamızın üzvü, Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin qazanıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təqdim ediblər.

Qeyd edək ki, "Synergy Baku" "Tour d’Azerbaïdjan-2016" veloyürüşündə Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Yannis Tamuridis və Kiril Pozdnyakovdan ibarət heyətlə mübarizə aparıb.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right