Azərbaycan millisinin üzvü: “Federasiya prezidenti ilə görüş komandanı bir növ ayıltdı”

Azərbaycan millisinin futzalçısı Amadeu komandasının DÇ-2024-ün elit mərhələsindəki çıxışından danışıb.

Newsport.az “azfutzal.az” saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Niderland üzərində qazanılan 6:1 hesablı qələbəni dəyərləndirib.

“Niderlandla oyundan əvvəl federasiyanın prezidenti Zaur Axundov bizimlə görüşdü, Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi. Onunla görüş komandanı bir növ ayıltdı. O, qrupun ilk turunda Rumıniyaya məğlubiyyətdən sonra buna ehtiyacları olduğunu bildirib: “Rumıniyaya məğlubiyyətdən sonra bu oyuna fokuslanmışdıq. Çünki növbəti xal itkisinə yol vermək olmazdı. Üstəlik, doğma meydanda oynayırdıq. Komanda olaraq yaxşı çıxış etdik. Kimlərisə ön plana çıxarmaq istəmirəm. Qələbəni komanda və azarkeşlər birlikdə qazandıq. Federasiya prezidenti Zaur Axundov bildirdi ki, bu görüşdə mütləq qələbə qazanmalıyıq. Atmosfer də əla idi. Çox qaçdıq, mübarizə apardıq, az səhv etdik və yekunda bəhrəsini gördük.

Deməzdim ki, orada zəif oynadıq. Onlar qələbə qazansalar da, biz daha yaxşı idik, epizodlarımız da çox oldu. Sadəcə, çoxsaylı qol şanslarını reallaşdıra bilmədik. Bəzi epizodlarda biz dəqiq ola bilmədiksə, rəqibin qapıçısı da yaxşı çıxış etdi. Onların heyətində həmin gün ən yaxşı qapıçı oynadı. Rumıniyadakı zal da istənilən səviyyədə deyildi. Orada hər gün həndbolçular məşq edir və oyun keçirdikləri üçün parket yapışqan kimi idi, havalandırma sistemi yox idi. Həm də birinci oyunlar hər zaman çətin alınır. Rumıniya bizdən sonra Qazaxıstanla qarşılaşdı və bir top fərqi ilə uduzdu. Nəticə onların heç də zəif komanda olmadıqlarını göstərdi.

Oyunöncəsi şanslar 50-nin 50-yədir. Deyə bilmərəm ki, Qazaxıstan super vəziyyətdədir və biz çox zəifik. Bakıdakı görüşdə mütləq qələbə qazanmalı, səfərdə isə yenilməməliyik. Biz də dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik. Bunun üçün qələbələr qazanmalıyıq. Oyundan-oyuna inkişaf edirik. Qazaxıstanla matçda Niderlanda qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Rəqib də bizi buna məcbur edir. Bakıda qələbə qazanmaq, Astanada isə uduzmamaq lazımdır. Bunu bacaracaq gücdəyik. Yaxşı komandamız var. Rəhbərlik də qarşımıza konkret məqsəd qoyub. Elə etməliyik ki, mərhələnin sonunda sevinən tərəf biz olaq.

Bilirəm ki, “Baku Fire” və “Neftçi” İK heyətlərini gücləndiriblər. Onlarla oyunlar çətin keçəcək. Bütün görüşlər bizim üçün əhəmiyyətlidir. 3 xal qazanmaq istəyirsənsə, rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməlisən. İştirakçı komandaları mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Hər kəsə zədəsiz futzal ili arzulayıram. Oyunların başlaması millinin hazırlığına da müsbət təsir edəcək”.

Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu oktyabrın 6-da Bakıda Qazaxıstan yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right