"Real”ın forvardı Kriştiano Ronaldo hər ötən oyunda yeni rekord müəyyənləşdirməkdən doymur.
Newsport.az saytının məlumatına görə, portuqaliyalı ulduz Çempionlar Liqasının ilk turu çərçivəsində dünən "Şaxtyor”a qarşı keçirilən matçda (4:0) da rekordları sıralayıb.
İlk öncə onu qeyd edək ki, Ronaldo bu oyunda ikisi penaltidən olmaqla 3 qol vurub. Kriştiano hər 2 nəticəylə rekord müəyyənləşdirib. Belə ki, bu 3 top onun Çempionlar Liqasındakı qollarının sayını 80-ə çatdıraraq "Barselona”lı Lionel Messini (77 qol) ötməsinə və təkbaşına rekordçu olmasına şərait yaradıb. 2 penaltini qola çevirən 30 yaşlı portəgiz ulduz bununla qitənin ən nüfuzlu klub turunirində "nöqtə”dən ən çox fərqlənən oyunçu adına sahib çıxıb. 11 dəfə 11 metrlik zərbəni dəqiq yerinə yetirən Ronaldo bu göstəricidə Luiş Fiqu və Rud van Nistelroyu (hərəyə 10 penalti qolu) qabaqlayıb.
"Real”ın tarixi ərzində ilk dəfə mövsümün startındakı ilk 4 oyunda qol buraxmadığı halın gerçəkləşdiyi matçda 30 yaşlı ulduz həmçinin İspaniya klublarının tarixi ərzində ən çox het-trik etmiş futbolçu adına da sahib çıxıb. Madrid klubunun heyətindəki son 6 oyunda 4 dəfə het-trik etmiş Ronaldo ümumilikdə 33-cü dəfə analoji uğura imza atıb. Bu nəyicəylə o, "Barselona”nın ulduzu Lionel Messini (32 het-trik) qabaqlayıb.
Qeyd edək ki, karyerasına Lissabon "Sportinq”ində başlayan Ronaldo karyerasındakı qolların sayını artıq 499-a çatdırıb. Burda onun Portuqaliya klubundan savayı, "Mançester Yunayted” (İngiltərə), "Real” (ispaniya) və Portuqaliya millisindəki vurduğu toplar nəzərə alınıb.