Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi karyerasını Kosovada davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.
“Arazın klubumuza transferini salamlayır, onun böyük təcrübəsinin komandamıza daha yüksək uğur gətirəcəyinə inanırıq” - deyə klubun yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.
Xatırladaq ki, A.Abdullayev bunadək Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”, xaricdə isə “Panionios” (Yunanıstan), “Anortosis” (Kipr), “Boluspor” (Türkiyə) və “Etnikos” (Kipr) klublarında oynayıb.
Onun son klubu 2021/22 mövsümündə "Sumqayıt" olub. A.Abdullayev ötən mövsüm heç bir klubda olmadığından rəsmi oyunlarda iştirak etməyib.