“Vilyarreal” seneqallı hücumçusu Bulaye Dianı İtaliyanın “Salernitana” klubuna satıb.
Newsport.az-ın məlumatına görə, İtaliya klubu ötən yay icarəyə götürdüyü 26 yaşlı forvardın transfer hüquqlarını da alıb.
Bunun üçün “Vilyarreal”a 12 milyon avro ödənilib. Seneqal yığmasının üzvü “Salernitana” ilə 3 illik müqavilə bağlayıb.
Əvəzində “Vilyarreal” heyətinə 3 yeni futbolçu cəlb edib. Bunlardan biri “Barselona”nın yarımmüdafiəçisi İlyas Axomaşdır. 19 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılıb və azad agent kimi “Vilyarreal”a keçib. Onunla 4 illik müqavilə imzalanıb. Axomaş İspaniyanın U-19 millisinin də üzvüdür.
“Vilyarreal” “Rayo Valyekano”nun yarımmüdafiəçisi Santi Komesananı da heyətinə qatıb. 26 yaşlı ispanla 3 illik müqavilə imzalanıb.
“Vilyarreal” bu ilin yanvarında “Jirona”dan icarəyə götürdüyü gənc yarımmüdafiəçi Ramon Terratsın da transfer hüquqlarını alıb. Klub bunun üçün 2,5 milyon avrosundan keçib.