Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi oyuna təyinat alan Andrey Berka azarkeşlərimiz üçün tanış simadır. Newsport.az saytının məlumatına görə, çexiyalı referi ikinci dəfə ölkəmizə səfər edəcək.
O, 2021-ci il oktyabrın 12-də U-21 yığmamızın oyununu idarə edib. Həmin vaxt Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunan Avropa çempionatının seçmə mərhələsi matçı komandamız üçün düşərli olmamışdı. Belə ki, Xorvatiyanın U-21 yığması 5:1 hesablı qələbəyə sevinib. Millimizin heyətində təsəlli qoluna 55-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı imza atıb.
Berka həmin oyunda Arsen Ağcabəyova sarı, Turan Vəlizadəyə isə 68-ci dəqiqədə qırmızı vərəqə göstərib.
Ümumiyyətlə, 35 yaşlı hakim beynəlxalq arenada elə də geniş təcrübəyə malik deyil. O, 2018-ci ildən FIFA referisi kimi təyinat alır.
Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.