Karlo Ançelotti “Barselona”dan revanş alacaqlarına əmindir. “Real”ın baş məşqçisi İspaniya kubokunun yarımfinalı öncəsi iddialı danışıb.
Newsport.az xəbər verir ki, ev oyununda 0:1 hesabıyla uduzan madridlilər sabah səfər oyununda finala vəsiqə qazanmağa çalışacaq: “Hazırlaşmışıq, motivasiyamız yerindədir. Özümüzü yaxşı hiss edirik və ümidimiz var. Sabah yaxşı işlər görəcəyik”.
İtaliyalı mütəxəssis Luka Modriç Toni Kroosun əsas heyətdə yerinin toxunulmaz olması barədə sualı belə cavablayıb: “Bəli, amma bu, sabah onların ikisinin də start heyətdə olacağı demək deyil. “El Klasiko” hər zaman önəmlidir, bu matçlara çıxan hər kəs ən yaxşı nəticəyə çalışır. Rəqabət ən üst səviyyədədir və daha bir final matçı olacaq. Kral Kuboku bizim üçün önəmlidir. “Barsa”ya qarşı son iki matçı çox yaxşı oynamışıq. Keçən dəfə də “Kamp Nou”da qələbə qazanmağa çox yaxın idik”.
Ançelotti Militaonun avtoqolu ilə uduzduqları matçı revanşına ümidlidir: “Sabah təcrübə və güc önəmli olacaq. Hücuma dəstək vermək üçün arxa xətt oyunçularımızın üzərinə də böyük iş düşəcək. Ən yaxşı oyunçularımız təxrübəsi sözünü deməlidir”.

























