Azərbaycan Premyer Liqasının XXI turunun "Sabah" - "Səbail" matçından (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
- Uşaqlar oyuna yaxşı köklənmişdilər. Arqessiv, sürətli futbol göstərdik. Bizim üçün vacib olan üç xal əldə etdik.
- "Qarabağ"ın xal itirməsi sizə əlavə motivasiya verdi?
- Xeyr. Bizi maraqlandıran öz oyunumuzdur. Bu haqda danışmırıq.
- Coy-Lens Mikels son oyunlarda qollar vurur. Bu, onun bombardir olmaq istəyindən irəli gəlir?
- Əlbəttə, o da bombardir olmaq istəyər. Əsas olan komandanın uğurudur. Ötən mövsüm də bizim bombardirlərimizdən idi.
- Komanda ilk 30 dəqiqədən sonra demək olar, oynamamağa başladı. Bunu arxayınlaşmaq kimi düşünək, yoxsa fikir "Qarabağ"la matçda idi?
- Rahatlaşmamışdıq. Amma bir az aqressiyamız azalmışdı. Oyuna nəzarət bizim əlimizdə idi.
- "Neftçi" ilə matçda da ilk hissədən sonra belə vəziyyət yaranmışdı...
- 90 dəqiqə eyni tempdə oynamağa çalışırıq. Əsas olan odur ki, nizamı itirmirik. Qırmızı vərəqə təəssüf doğurur. Hakimin qərarı 50/50 idi. Ümumilikdə oyunumuzdan razıyam.
- "Qarabağ"la oyun öncəsi yersiz qırmızı vərəqə olduğunu düşünmürsüz?
- Yerli və ya yersiz qırmızı vərəqə olur? Heç vaxt azlıqda qalmaq istəmirik. Heç nədən qırmızı vərəqə aldıq.
- Xal baxımından "Qarabağ"a yaxınlaşırsız. Çempionluq gözləyək?
- Çatsaq, danışa bilərik. 5 xallıq fərq böyükdür.
- Şən futbolla başlamısız. Komandanın sona yaxın eniş yaşamamaq üçün reseptiniz var?
- Ümid edirəm ki, eniş olmayacaq. Sehrbaz deyiləm. Əvvəlki xal itkilərinə baxsaz, ya azlıqda olmuşuq, ya rəqib şansının köməyi ilə qol vurub. Qırmızı vərəqələr, zədələr itkilərə gətirib çıxardı. Rəqiblərlə aramızdakı xal fərqinə baxmalı deyilik. Oyundan oyuna düşünməliyik. Regionlarda oynamaq çox çətindir. "Qarabağ" Gəncədə çətinliklə üzləşdi. Meydança pis idi. Biz öz oyunlarımıza köklənməliyik.
- Transfer gözlənilir?
- 99 faiz yox. İstədiyimiz oyunçuları ala bilmədik.