“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın 15 xaldan məhrum edilməsindən sonra Turin klubunun növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq şansını dəyərləndirib.
Newsport.az-ın məlumatına görə, Alleqri Çempionlar Liqasına vəsiqə qazanmaq üçün qeyri-adi nəsə etməli olduqlarını deyib:
"Dünənki hadisələrdən sonra biz yenidən toparlanmalı və yalnız meydanda olan məsələləri düşünməliyik. Turnir cədvəlində hazırda 22 xalımız var. Nəticə qazanmağa və mövqeyimizi bərpa etməyə çalışmalıyıq. Bizim üçün Avropa Liqası, İtaliya Kuboku və çempionatda toplamaq üçün 60 xal var. Məni qovmasalar, "Yuventus"da qalacağam. Çətin zamanlarda kişi kimi davranmaq lazımdır".
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.