“Milan”ın baş məşqçisi Stefano Pioli Superkubok oyununda məğlubiyyətdən (0:3) danışıb. O, “İnter”lə matçda çox zəif çıxış etdiklərini etiraf edib.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun startında pis təsir bağışladıqlarını bildirib: “Birinci hissədə çox səhv etdik. Daha sonra vəziyyəti dəyişmək mümkün olmadı. Fasilədən sonra oyunumuzda keyfiyyəti qismən yaxşılaşdırdıq, amma daha çoxunu bacarmadıq. Belə səhvlər etməyə öyrəncəli deyilik. “İnter” kimi səviyyəli rəqiblə qarşı-qarşıyasansa, xətalar bağışlanmır. Hazırda psixoloji cəhətdən ən yaxşı vəziyyətdə deyilik, amma özümüzə gəlməliyik. Tək çıxış yolu çox çalışmaq və inkişaf etməkdir”.
Pioli derbidə məğlubiyyətin xoş olmadığını deyib: “Acı məğlubiyyətdir, çünki bu kuboku qazanmaq istəyirdik. Amma mövsüm davam edir, ənənəvi oyunumuza qayıtmalıyıq. Zamanımız yoxdur. Bu durumdan tez çıxmalıyıq”.