“Bayern” Münhenqladbax “Borussiya”sının tələb etdiyi 8 milyon avroya həmən ödəsəydi, Yan Zommer artıq münhenlilərin oyunçusu idi. Amma iş uzandı və isveçrəlinin klubu indi qapıçını satmaq istəmir.
Newsport.az xəbər verir ki, münhenlilərin idman direktoru Hasan Salihamiciç “Borussiya”ya 6 milyon + 2 milyon avro bonus təklif etdiyindən transfer baş tutmamışdı. Artıq Bundesliqada mövsümün ikinci yarısı başlayır, üstəlik, transfer pəncərəsi bağlanmaq üzrədir. Münhenqladbaxlılar Zommerə layiqli əvəzedici tapa bilməməkdən ehtiyatlanaraq qapıçını satmaqdan boyun qaçırır. Onlar qiyməti daha 2 milyon qaldırmaqla “Bayern”in fikrindən vaz keçəcəyini düşünür.
Lakin zədəli Manuel Noyerə təcili əvəzedici tapılmalıdır. Həm çempion olmaq, həm də Çempionlar Liqasında uğur əldə etmək istəyən “Bayern” ayağı sınan Noyerin bərpa olunacağı günü gözləyə bilməz. Münhenlilər bu həftə klub daxilində məsləhətləşib son qərarını verəcək – ya “Borussiya”nın tələbi yerinə yetiriləcək, ya da başqa varianta üstünlük veriləcək.