Cud Bellingemin keçidini reallaşdıra bilməyən “Liverpul” dayaq yarımmüdafiəçisi mövqeyinə başqa futbolçu tapmaq niyyətindədir. Dortmund “Borussiya”sının yüksək transfer qiyməti tələbini qarşılamaqda çətinlik çəkən İngiltərə klubunun başqa seçimi qalmayıb.
Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərə millisinin üzvünü 150 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bellingemin müştəriləri çox olduğundan güzəştə getməyən dortmundlular, uzunmüddətli müqaviləsi olan yarımmüdafiəçi üçün daha münasib təklif gözləyir.
“Liverpul” isə dayaq yarımmüdafiəçisi mövqeyinə başqa oyunçu axtarışına başlayıb. Mersisaydlılar dünya çempionu Entso Fernandes uğrunda mübarizəyə qoşulub. Amma “Benfika”nın futbolçusuyla bağlı durum da eynidir. Argentinalını da bir neçə klub istəyir və qiyməti Bellingemdən aşağı deyil. Sadəcə, “Liverpul” onun transferinin verilən pula dəyəcəyini düşündüyündən “Real”, PSJ və “Çelsi” ilə mübarizəyə qoşulub.
“Liverpul”un ehtiyat variantı Sofyan Amrabatdır. “Fiorentina”nın 26 yaşlı yarımmüdafiəçisi Mərakeş millisi ilə Dünya Çempionatındakı çıxışından sonra diqqət mərkəzinə düşüb.