DÇ-2022-nin gümüş mükafatçısı Fransa millisində komandadaxili əhval-ruhiyyə yaxşı deyilmiş. Mundial zamanı futbolçuların münasibətində problem var imiş.
Newsport.az xəbər verir ki, yığmanın həkimlərindən narazı olan futbolçular bir-biri ilə də yola getmirmiş. Uqo Loris və Antuan Qrizmannın Kərim Benzemanın milliyə dönməyi istəməməsi bir yana, Benjamin Pavar da hamıdan incikmiş.
İddiaya görə, “Bayern”in müdafiəçisi millidəki komanda yoldaşlarının arxasınca sözlər danışıb. O, tez-tez texniki heyət və komanda yoldaşları ilə mübahisə edib. Ən pisi isə odur ki, Pavar komanda daxilində yaşananları yaxın münasibətdə olduğu media mənsublarına sızdırıb. Buna görə də baş məşqçi Didye Deşam Pavardı elə çempionatın əvvəllərindən Jül Kunde ilə əvəzləyib.
Maraqlıdır ki, Pavar klubunda da eyni problemi yaşayır. Bu üzdən o, Münhen klubu rəhbərliyinə transferə çıxarılması üçün müraciət edib.