İran millisinin baş məşqçisi Karluş Keyruş DÇ-2022-də İngiltərə ilə oyundan sonra (2:6) oyun zamanı komandalarını fitə basan iranlı azarkeşlərin davranışından narazı qalıb.
Newsport.az "Metro"ya istinadən xəbər verir ki, mütəxəssis deyib: “Hamı bilir ki, hazırkı şəraitdə oyunçularım fədakarlıq və konsentrasiya baxımından ən yaxşı vəziyyətdə deyillər. Bütün bu problemlər ( İranda kütləvi etirazlar keçirilir - red) onlara təsir edir. Mən futbolçuları uzun illərdir tanıyıram, onların bircə arzusu var - vətən üçün, xalq üçün oynamaq və bundan həzz almaq. Mən onlarla fəxr edirəm. Belə bir şəraitdə əzmkarlıq göstərmələri, mübarizəni davam etdirmələri və İngiltərəyə iki qol vurmaları əladır.
2014 və 2018-ci illərdə azarkeşlərin tam dəstəyini aldıq. Niyə gəlib komandanı dəstəkləmirlər? Evdə qalmaları daha yaxşı olardı. Elə azarkeşlərə ehtiyacımız yoxdur. Oyunçularımın son bir neçə gündə nələr yaşadıqlarını təsəvvür belə edə bilməzsiniz".