İran millisinin sabiq futbolçusu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək.
Newsport.az xəbər verir ki, Azərbaycan əsilli veteran hücumçu bu barədə İnstaqram hesabında paylaşım edib.
O, İrandakı vəziyyətə görə FİFA-nın rəsmi dəvətini qəbul etmədiyini yazıb: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün FİFA və Qətər Futbol Federasiyasının həyat yoldaşım və qızlarımla mundialda iştirak üçün dəvətinə yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün parlaq günlər ümidi ilə".
Bir müddət əvvəl isə İranın hüquq-mühafizə orqanlarının milli komanda tarixinin bombardirinin pasportunu müsadirə etməsi və onun ölkədən çıxışına qadağa qoyulması haqda xəbərlər yayılmışdı. Buna səbəb isə Əli Daeinin İranda baş verən etiraz aksiyalarına qoşulması göstərilmişdi.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İran millisi İngiltərə, Uels və ABŞ milliləri ilə bir qrupda yer alıb.