Newsport.az-ın məlumatına görə, baş hakim futbolçuların hücumundan qurtulmaq üçün elektroşokdan istifadə edib. Hadisə Pskov vilayətinin çempionatında baş verib. "Şelon" - "Çayka" oyununda baş verənləri qonaqların futbolçusu Andrey Andreyev belə nəql edir:
"Hadisələr elə ilk hissədə dramatikləşdi. Hakim "Çayka"nın iki futbolçusunu meydandan qovdu. Fasilədə hakim elektroşok aparatı ilə silahlandı. İkinci yarıda "Çayka"nın qapısına penalti təyin ediləndən sonra hadisələr nəzarətdən tam çıxdı. Hakim komanda yoldaşım Vladimir Petrovu elektroşokla yerə sərdi. O, bizim qapıya penalti təyin edəndə komanda yoldaşım hakimə yaxınlaşıb, onu itələdi. O da dərhal cibindən elektroşok aparatını çıxarıb dedi: "Bir-bir gəlin".
Pskov vilayəti futbol federasiyasının prezidenti Aleksey Sevastyanov olaya münasibət bildirib: "Oyunda təhlükəsizlik qaydaları təmin olunmamışdı. Qaydalara görə stadionda polislər olmalıydı. Amma yox idi. Yaxın iki gündə bu qarşılaşma ilə bağlı qərar çıxarılacaq. Böyük ehtimalla, hər iki komanda ciddi cəzalandırılacaq".