“Barselona”nın prezidenti Xuan Laporta “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, Laporta, daha əvvəl 37 yaşlı portuqaliyalı futbolçunun agenti Jorje Mendeşlə birlikdə yemək yediyini təsdiqləyib:
“Biz şanslıyıq ki, futbolçuların çoxu “Barselona”ya gəlmək istəyir. Belə şans yarananda bütün futbolçular bu variantı nəzərdən keçirir, onları ruhlandırır, bu haqda düşünürlər. Bu, oyunçuların böyük əksəriyyətinə aiddir. Tarixinə görə, “Barselona” ən yaxşı oyunçular üçün çox cəlbedici bir klubdur. Amma mən konkret hansısa futbolçu haqda danışmıram”.
Bir müddət əvvəl Ronaldonun “Barselona”ya keçmək ehtimalı olduğu haqda xəbər yayılmışdı.
Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.