Futbol üzrə İspaniya La Liqasında 28-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda ardıcıl qələbələr sayəsində turnir cədvəlində yenidən Çempionlar Liqası zonasına qayıdan “Atletiko” “Kadis”i qəbul edib. Üç qolun qeydə alındığı matç Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Şənbə günü dörd qarşılaşma baş tutub. “Levante” – “Espanyol” matçında qalib müəyyənləşməyib. “Xetafe” ilə “Valensiya”nın görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Qranada” evdə “Elçe”yə minimal hesabla uduzubsa, “Vilyarreal” doğma meydanda “Selta”ya tək qolla qalib gəlib.
Lider “Real” “Malyorka” ilə səfər matçına yüksək əhval-ruhiyyədə yollanacaq. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
“Kamp Nou”da “Osasuna”nı qəbul edəcək “Barselona” La Liqada ardıcıl 4-cü qələbəsini qazanmaq niyyətindədir.