Futbol üzrə İspaniya La Liqasında 26-cı tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Levante” ilə “Elçe” üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Şənbə günü daha dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Xetafe” – “Alaves” matçında qalib müəyyənləşməyib. Səfərdə “Malyorka” ilə qarşılaşan “Valensiya” minimal hesabla qalib gəlib.
Lider “Real” da ardıcıl məğlubiyyətləri sıralayan “Rayo Valyekano”nun qonağı olub və 3 xalı tək qolla qazanıb. Madridin digər təmsilçisi “Atletiko” isə doğma meydanda “Selta”nı 2 cavabsız qolla üstələyib.
Bazar günündə daha dörd görüş baş tutub. “Barselona” “Kamp Nou”da “Atletik”i sınağa çəkib. Kubok da daxil olmaqla son iki oyunda kataloniyalılar Bilbao təmsilçisini məğlub edə bilməmişdi. Bu dəfə “Barselona” 4 cavabsız qolla qalib gəlməyi bacarıb. Çempionluq yarışını davam etdirən “Sevilya” bu turda “Betis”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbə qazanan tərəf olub.
“Vilyarreal” “Espanyol”u, “Real Sosyedad” da “Osasuna”nı məğlub yola salıb.