Amerika kubokunda Kolumbiya ilə keçirilən oyunda qırmızı vərəqə alan Braziliya millisinin futbolçusu Neymarın cəzası ağırlaşdırılıb.
Newsport.az-ın məlumatına görə, Cənubi Amerika Futbol Konfederasiyasının İntizam Komitəsi gənc hücumçunun 1 oyunluq cəzasını 4-ə yüksəldib. Bu isə o deməkdir ki, Braziliya turnirdə mübarizəni davam etdirəcəyi təqdirdə, Neymar finala kimi meydana çıxa bilməyəcək.
Bundan başqa, Neymar 10 min dollar məbləğində cərimələnib.
Sözügedən qarşılaşmada qırmızı vərəqə ilə cəzalandırılan Kolumbiya millisinin oyunçusu Karlos Bakka isə 2 oyunluq cəzalandırılıb, həmçinin 5 min dollar məbləğində cərimələnib.
Qeyd edək ki, Kolumbiyanın 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra əsəblərinə hakim ola bilməyən Neymar topu rəqib müdafiəçi Pablo Armeroya vurub. Bundan sonra komanda yoldaşının müdafiəsinə qalxan Karlos Bakka ilə Neymar arasında gərginlik yaşanıb. Görüşün baş hakimi hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.