Xorvatiyanın “Hayduk” klubunda çıxış edən millimizin hücumçusu Ruslan Qurbanov mövsümün sonunda oradan ayrılacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Ruslanın özü məlumat verib. Qurbanov həm də “Xəzər Lənkəran”ın onunla maraqlanması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:
“Gələcək karyeramla bağlı çox düşündüm və axır ki, qərarımı verdim. “Hayduk”da qalmayacam.
Onlar agentimdən xahiş ediblər ki, məni razı salsın, yeni müqavilə bağlayım. Ancaq mən bu fikirdən uzağam. Görürəm ki, burda mənə istədiyim qədər oynamaq şansı vermirlər. Elə bu səbəbdən ayrılmağa qərar vermişəm. “Hayduk”la icarə müqaviləmin müddəti iyunun 15-də başa çatır. İlk olaraq, “Neftçi”yə qayıtmalıyam. Çünki bu klubla hələ 1 illik müqaviləm qalır. Millinin heyətində Norveçdən birbaşa Bakıya qayıdacam və “Neftçi” rəhbərliyi ilə görüşüb, gələcək karyerama aydınlıq gətirəcəm.
Açığı, “Xəzər Lənkəran”dan heç kim mənimlə əlaqəyə çıxmayıb. Elbrus Məmmədovla tanışam. Çox yaxşı insan və məşqçidi. Amma o da mənimlə danışıq aparmayıb. Əvəzində başqa təkliflərim var. Həm Xorvatiyanın, həm də Rusiyanın yüksək liqa klubları məni istəyir. Elə bu səbəbdən “Neftçi” rəhbərliyi ilə görüşmək istəyirəm, çünki hazırda bu kluba məxsusam. Transfer vərəqəmi alıb, azad agent olmaq üçün “Neftçi”yə pul ödəməyə də hazıram. Mənim fikrim karyeramı Avropada davam etdirməkdi”.