"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Real"la oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis görüşə 2018-ci ildə oynanılan final matçının (1:3) qisasını almaq üçün yox, yarımfinala adlamaq üçün çıxacaqlarını deyib:
“Mənim motivasiyam ən yüksək səviyyədədir. Çünki növbəti mərhələyə adlamaq istəyirik. Bunun 2018-ci ildəki final matçı ilə heç bir əlaqəsi yoxdur. Finaldan bir ay sonra kimsə mənə Serxio Ramosu yubileyimə dəvət edib-etməyəcəyimi soruşsaydı, yox deyərdim. Ancaq indi ... Bunlar çox əvvəldə qalıb. Biz intiqam almaq üçün burda deyilik. Növbəti mərhələyə yüksəlmək əla olar. Özümüzü yaxşı vəziyyətdə hiss edirik və bunu qoruyacağımıza ümid edirik. Küçədə eşitdim, hamı "Real"ın oyunun favoriti olduğunu söyləyir. Əla! Rəqibin ad-sanı ilə bağlı heç bir problemimiz yoxdur. Biz azarkeşlərimizə hələ də mübarizə apardığımızı göstərmək istəyirik. Turnirdən özümüzdən yüksək olan komandaları kənarlaşdırmalıyıq. "Real"la mübarizə aparmalıyıq. Çox çalışmalıyıq".
Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Liverpul" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.