"Barselona" "Atletiko"ya satdığı Luis Suaresin müqaviləsində nəzərdə tutulan 2 milyon avro bonusdan məhrum olub.
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. "Atletiko" Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırdığından Kataloniya təmsilçisi 2 milyon avro itirib.
Müqavilənin şərtlərinə görə, "Barselona" 33 yaşlı hücumçuya görə qarşı tərəfdən 5 milyon avro alıb. Lakin klub daha 6 milyon avro bonus əldə etməli idi. Sözləşmədəki bəndə əsasən, həmin məbləğdən 2 milyon avro "Atletiko"nun Çempionlar Liqasının 1/4 finalına adlayacağı təqdirdə "Barselona"ya ödənilməli idi. Lakin bildirilir ki, əgər "Atletiko" növbəti mövsüm turnirin 1/4 finalına çıxsa, bu halda "Barselona"ya 2 milyon avro verməli olacaq.
Qeyd edək ki, Madrid klubu ötən ilin sentyabr ayında Suareslə 2 illik müqavilə imzalayıb.