"Mançester Siti" koronavirus səbəbindən "Mançester Yunayted"lə İngiltərə Liqa Kuboku yarımfinalında nəzərdə tutulan vaxtda oynaya bilməyəcəyi təqdirdə, texniki məğlubiyyət almayacaq .
Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, turnirin yarımfinal mərhələsi üçün İngiltərə Futbol Liqasının (EFL) qaydalarına görə, qarşılaşmanın nəzərdə tutula vaxtda keçirilməsi mümkün deyilsə, təşkilat oyunun vaxtını dəyişdirməli və yeni bir tarix təyin etməlidir.
Xatırladaq ki, sentyabr ayında "Leyton Orient"də koronavirusa yoluxma olması səbəbindən 4-cü divizion klubu ilə "Tottenhem" arasında Liqa Kubokunun 3-cü tur matçı baş tutmayıb. Buna görə London klubu növbəti mərhələyə yüksəlib. Çünki yarış qaydaları bu mərhələdəki oyunların təxirə salınmasını şərtləndirmir.
Qeyd edək ki, "Mançester Siti"də 5 futbolçu və 2 klub işçisində koronavirus aşkarlandığı üçün "Everton"la İngiltərə Premyer Liqasının 16-cı tur oyunu təxirə salınıb. Yoluxma hallarına görə "Mançester Siti"nin Premyer Liqada "Çelsi" (3 yanvar) və Liqa Kubokunun yarımfinalında "Mançester Yunayted"ə qarşı (6 yanvar) matçları da təxirə salına bilər.