"Kayserispor"un baş meneceri Süleyman Hurma hazırda "Trabzonspor"da icarə əsasında çıxış edən Hakan Arıkanla bağlı "ikibaşlı" açıqlama verib.
Newsport.az-ın məlumatına görə, klub rəsmisi Qaradəniz təmsilçisində öz oyunu ilə hamının rəğbətini qazanan təcrübəli qapıçının mövsümün sonunda komandaya qayıdacağını bildirib:
"Hakan Arıkan növbəti mövsümdə "Kayserispor"un formasını geyinəcək. Çox dəyərli bir qapıçıdı. Onsuz da ona ehtiyacımız var".
Ancaq Hurma Arıkanın "Trabzonspor"da qala biləcəyini də istisna etməyib: "Hər futbolçunun öz qiyməti var. Dəyəri bilinməlidi. Özü istəsə, klubumuza da sərf eləsə, niyə də"Trabzonspor"a transfer olmasın. Nəticədə futbol da bir ticarətdir. Bu məsələlərdə elə də qatı deyilik".
Əgər Hurmanın dediyi kimi, Hakan "Kayserispor"a qayıtsa, bu millimizin qapıçısı Kamran Ağayevin işini bir az da çətinləşdirəcək. Onsuz da əsas heyətə düşməkdə çətinlik çəkən qolkiperimiz ümumiyyətlə, "çərçivə"yə həsrtə qalacaq. Əks-halda isə Ağayevin əsas heyətə yolu açılacaq.