“Hələ Çempionlar Liqası başlamazdan əvvəl xahiş etdim ki, ev oyunlarımızı Lvovda keçirək. Ancaq bu barədə qərarı klub rəhbərliyi verir”.
Nwsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Dnepr”in baş məşqçisi Miron Markeviç “Şaxtyor”la oyundan sonra deyib.
Təcrübəli mütəxəssis Ukrayna Premyer Liqasının 11-ci turunda “Lvov Arena”da “Şaxtyor”la heç-heçə etdikləri oyundan (0:0) sonra təşkil olunan mətbuat konfransında azarkeş qıtlığından gileylənib: “Yaxşı olardı ki, Avropa Liqasında ev oyunlarımızı elə Lvovda keçirək. Düzdür, Kiyevdə də “Dnepr”i sevirlər. Ancaq gördüyünüz kimi, orada boş tribunalar önündə oynayırıq. Bakıda və Fransada oynamaq bizə xoş oldu. Ancaq Kiyevdə keçirdiyimizm matçda “Qarabağ” azarkeşləri bizimkilərdən çoxdursa, daha nədən danışaq? Təsəvvür edin, 70 minlik azarkeş tutumu olan stadionun boş tribunları önündə oynayırsan. Klub rəhbərliyindən xahiş etmişəm ki, “Dinamo”nun stadionunda oynayaq. Orada bizə daha yaxşı olar”.
Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda “Qarabağ” Kiyevdə “Dnepr”i 1:0 hesabı ilə məğlub edib. Bakıda keçirilən oyunda isə “Dnepr” 2:1 hesablı qələbə qazanıb.