Kamran Ağayev: "Bu gün səhvə yol verən, sabah qəhrəmanlıq edər" MÜSAHİBƏ

"Portu" ilə oyunda yol verdiyi kobud səhvə görə, ciddi təzyiqlərə məruz qalan Kamran Ağayev Portuqaliya çempionatının VII turunda adından söz etdirdi. "Moreyrense" ilə matçda qapısına təyin edilən penaltini dəf edən təcrübəli qolkiper qapısını toxunulmaz saxlamaqla komandasının 2:0 hesablı qələbəsində pay sahibi oldu.
 
Newsport.az-ın məlumatına görə30 yaşlı əlcək sahibi sözügedən qarşılaşma ilə bağlı müsahibə verib.
- Oyuna necə hazırlaşmışdın?
- Bütün olanlar geridə qalır. Komandamızın uğurları üçün çalışırıq. Meydana da bunu düşünərək çıxırıq. Bu dəfə qələbə qazanıb, azarkeşlərimizi sevindirdik.
- Rəqibi necə analiz edərdin?

- Asan rəqib olmur. Öz meydanımızda oynayırdıq deyə, qol epizodları yaratmaq çətin olurdu. Çünki rəqib əsasən müdafiəyə fikir verir. Təzyiqlə oynamaq çətin olur. Qonaq komanda isə rəqibini əks-hücumda tutmağa çalışır. Buna baxmayaraq, gec də olsa, iki qol vurub, matçı qələbə ilə yekunlaşdırdıq.

-Penalti epizoduna gələk. Həmin an nə düşündün?

- Futbolda hər şey olur. Penalti ilə digər epizodları fərqləndirməzdim. Uğur odur ki, qol buraxmadım. Panaltini qaytarıb, 5 qol qol buraxmaq da normal şey deyil. 0:0 hesablı bərabərlikdənsə, 2:1-lik qələbə daha vacibdi. İşim penalti qaytarmaqdı, şükürlər olsun ki, bunun da öhdəsindən gəldim. Yaxşı hazırlaşmışdım.

- Neçənci dəfədi artıq qapına təyin olunan penaltiləri dəf edirsən. Həmin epizodda rəqib futbolçu ilə göz-gözə gəldinmi?

- Qapıçını penaltiyə görə meydana buraxmırlar. Biri yan topda yaxşıdı, digəri də topu oyuna daxil etməkdə. Sadəcə, özünə güvənməlisən. Meydana çıxdınsa, vuruşmalısan. Məşqdə etdiklərini meydanda ortaya qoymalısan. Hər kəsin oyun fəlsəfəsi var. Bəzi epizodlarda öz fantaziyandan istifadə edirsən.

- Penaltini qaytaracağına dair inam var idimi?
- Özümdən razı deyiləm. Bir şeydan razıyam ki, özümdən narazıyam. Özümə güvənməsəm, karyeramı bitirərəm. Hər zaman özümə güvənmişəm. Gücümə arxayın olub, meydana çıxmışam. Portuqaliyada sürətli, aqressiv futbol sərgilənir. Futbolçu deyilsənsə, niyə meydana çıxırsan ki? Məşqlərdə özünü göstərməsən, heç oyuna da buraxmazlar. Mən bura baxışa gəlməmişəm. Transferimdə maraqlı olub, heyətə cəlb ediblər. Özümü doğrultmam lazımdı. Komandanın bir parçası olmaq üçün bu, çox vacibdi.
- "Portu" ilə oyundan sonra üzərində təzyiqlər var idi...

- Xoşa gəlməyən şeylər yazırlar. Onlar hər zaman bizi vurmaq istəyənlərdi. Bugünə qədər atamın oğlu idimsə, bundan sonra Azərbaycan xalqının oğluyam. Hamını Allah yaradıb. Sizlər olmasaz, bizlər də olmarıq. Xoş söz var ki, adama ikiqat güc verir. Elə söz də var adamı "sındırır". Amma biz peşəkarıq, buna baxmamalıyıq. Ola bilər ki, növbəti matçda daha kobud səhvə yol verim, nəticədə də komandam uduzsun. Elə də ola bilər ki, komandanı finala qədər aparım, çempionluqda pay sahibi olum. Sadəcə, istəmək, vuruşmaq lazımdı. Düşünmək lazımdı ki, burada Azərbaycanı təmsil edirəm. Haqqımda pis yazanlar da bunu düşünməlidi. Çünki sonda Azərbaycana qayıdacam. Ölkəm vətənimdir, canımdı, ciyərimdi. Azərbaycanın xidmətində hər zaman durmağa hazıram. Bəzən yazırlar ki, klubda vəziyyət yaxşı deyil. Xeyr! Burada hamıya necə hörmət edirlərsə, mənə qarşı da elə davranırlar. Heç kimdən fərqlənmirik. Yaxşı və pis yazanlara da "çox sağ ol" deyirəm. Allah canlarını sağ eləsin.
- Təzyiqlərdən sonra penaltini qaytarmaqla özünü yenidən dünyaya gəlmiş kimi hiss etmədin?

- Nəyə qadir olduğumuzu bilirlər. Sadəcə, bunu saxlamaqdan ötrü zədə bizdən uzaq olmalıdır. Daima məşq etmək lazımdı. Nəticə vermək asandı, əsas olan onu qorumaqdı. Təsadüfi heç nə olmur. Hər çiyninə çanta atıb, idman zalına gedən də idmançı deyil. İdmançılar nəticə verənlərdi. Bunu belə bilirəm. Nəyisə sübut etməyə çalışmıram. Sadəcə, öz qələbəm haqda düşünürəm. Hazırda "Boavişta"nın uğurlarını fikirləşirəm. 
- Penaltini dəf edəndən sonra zədələndin, yoxsa əlində ağrılar hiss elədin? Ekrandan elə göründü...

- Yox, hər şey qaydasındadı. Sadəcə, bir az soyuqlamışam. Oyundan sonra üşütməm var, o da keçər.
- Matçdan sonra baş məşqçi ilə söhbətiniz oldu?
- Burada olanlar peşəkarlardı. Udanda da, uduzanda da hamıya eyni baxırlar. Sadəcə, baş məşqçi milli komandaya dəvət aldığımız üçün uğurlar arzuladı. 

- Bəs, Emin Mahmudov nə dedi?

- Emin oyuna kənardan baxırdı. Gəncdi, tezliklə o da meydanda olacaq. Ağıllı futbolçudu. Məni təbrik elədi. Burda penalti qaytarana da, qol vurana da, səhv edənə də normal baxırlar. Bu gün səhvə yol verən, sabah qəhramanlıq edər. Xalq bizim sadəcə, 90 dəqiqəmizi görür. İl boyu çəkdiyimiz bilmirlər. 

- Bakıya nə zaman gəlirsən?

- Sabah axşam burdan çıxacağıq. Birsigün səhər tezdən Bakıya çatarıq. Hələ bizə alınan biletlərlə tanış deyiləm.
- Yəqin ki, indidən Bakıda formanı gözləyənlər çoxdu...
- Forma deyəndə, hər zaman istəyirlər. Qarşılaşmadan sonra formamı fanata verdim. Xanım azarkeş idi, ona hədiyyə etdim. "Boavişta"da yeni transfer olanda, mətbuat konfransı təşkil olunur və azarkeşlər təzə oyunçuları ilə tanış olmaq imkanı qazanır. Yəni, öz futbolçuları haqda məlumatlı olurlar. İlk dəfə idi ki, öz azarkeşlərimiz önündə meydana çıxdım. Allaha şükür ki, ev oyunumuzu qələbə ilə başa vurduq. Gözəl haldı. Ancaq bunu unutmaq lazımdı. Növbəti oyunlar barədə fikirləşməliyik. Futbola yeni başlamamışam. Kifayət qədər təcrübəm var.

- Yəqin ki, bu qələbədən sonra Norveçlə matça yüksək əhval-ruhiyyə ilə çıxacaqsan...

- Milli komandaya əhvalsız gəlib oynamaq düzgün deyil. Əlindən gələnindən artığını etməlisən. Hamımız can qoymalıyıq. Start heyətdə oynayıb-oynamayacağımı indidən bilmirəm. Çünki yığmada heç vaxt əsas heyət olmur. Səlahət Ağayevlə Anar Nəzirov dünyanın ən güclü klublarında oynamağa layiqdirlər. Meydançaya çıxdığım anda əlimdən gələni etməyə borcluyam. Buna Səlahət də borcludur, Anar da. Nəinki futbolda, bu, digər idman növlərinə də aiddi. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.

- Son müsahibən təəccübləndirdi...
- Vallah, camaat elə bilir ki, dalaşqanam, vuruşqanam. Əslində, maraqlı insanam. 90 dəqiqədə həm vuruşuram, həm də dalaşıram. Həyatda isə tamam fərqliyəm, danışıram, deyirəm, gülürəm. Kənardan baxan elə bilir ki, özümdən razıyam. Hardan bilirlər ki? Mənlə yoldaşlıq ediblər? Özümdən razıyamsa, bu, mənə yaraşır. Çünki buralara öz zəhmətimlə gəlib çatmışam. Allah bunu hamıya qismət eləsin. Dostlar bilir ki, mehriban biriyəm. Futbol işimdi, həyatım isə şəxsiyyətim, əqidəm, mənliyimdi. Təkcə Allahın qarşısında acizik. Kimsə, şəxsiyyətimizə toxunsa, ikiqat cavabını alar. Kamran Ağayev 90 dəqiqə meydanda olur. Qarşılaşma başa çatandan sonra adi bir vətəndaşam. Başqa cür də ola bilməz. 
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right