Fransada təşkil olunan Avropa çempionatının qalibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, finalda Portuqaliya və Fransa milliləri üz-üzə gəlib. 120 dəqiqə davam edən matçın sonunda sevinən tərəf Portuqaliya millisi olub.
Portuqaliyalılar Ederin 109-cu dəqiqədə vurduğu qolla çempionluğu bayram edib.
Matçdan sonra Portuqaliyaya çempionluq gətirən qolun müəllifi olan Eder jurnalistlərin suallarını cabablandırıb. Fransanın "Lill” komandasının formasını geyinən 28 yaşlı futbolçu matçı belə şərh edib: "Çox tarixi anları yaşayırıq. Biz həqiqətən də tarix yazmağı bacardıq. Rəqibimiz qələbə qazanmaq üçün çox çalışdı. Hər kəs tərəfindən dəstəklənən bir komanda olduğumuzu yaxşı bilirik. Döyüşərək qələbə qazandıq. Biz bu çempionluq üçün uzun müddət gözlədik. Hər kəsi təbrik edirəm”.
Matçın əsas vaxtı başa çatdıqdan sonra Portuqaliyanın ulduz futbolçusu Ronaldo Ederin qulağına nəsə söyləyib. Həmin epizod barədə danışan futbolçu Ronaldonun ona nə dediklərini anladıb: "Ronaldo mənə çox böyük bir güc və enerji verdi. Çempionluğu gətirən qolu sən vuracaqsan, buna inan deyərək mənə çox böyük mötivasiya vermiş oldu”.