"Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia” ilə üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, bu, "qırmızı-qaralar”ın avrokubokda qarşılaşacaqları ikinci Gürcüstan komandası olacaq.
Belə ki, "Qəbələ” ötən mövsüm AL-in I təsnifat mərhələsində Tbilisi "Dinamo”su ilə üz-üzə gəlmiş, səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, öz meydanında 2:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlamışdı.
"Qəbələ”nin budəfəki rəqibi - Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. Komanda ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir.
"Samtredia” əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda "Lokomotiv”, "Sanavardo”, "Djuba” və "İberiya” adlarını daşıyıb. Fəaliyyəti "Lokomotiv” adı ilə başlayan indiki "Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
Komandanın ən uğurlu vaxtları "İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edir. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan indiki "Samtredia” ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. "Qəbələ”nin rəqibi avrokuboklarda debüt mövsümündə (1995/1996) Makedoniya təmsilçisi "Vardar”la qarşılaşıb və hər iki görüşdə rəqibinə boyun əyib – 0:2, 0:1.
2015/2016 mövsümündə "Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib.