Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vuruldu. Həlledici oyunda Portuqaliya millisi İspaniyanı oyunsonrası penaltilər seriyasında məğlub edərək çempion oldu.
Newsport.az-ın məlumatına görə, oyundan sonra İspaniya millisinin baş məşqçisi Santi Denia jurnalistlərin suallarını cavablandırıb.İspan mütəxəssis bunları deyib:
- Oyuna qələbə üçün çıxmışdıq. Oyunun gedişatından qarşılaşmanın penaltilərə doğru getdiyini gördüm. Buna görə qapıçını dəyişdim. Ancaq alınmadı, məğlub olduq.
- Rəqibdən bu cür oyun gözləyirdiz?
- Rəqibi analisz etmişdik. Necə futbol oynadıqlarını bilirdik. Məncə, oyun bərabər səviyyədə keçdi. Sonda penaltilərdə uduzduq.
- Almaniya ilə oyunda matça sonradan daxil olan Brahim Dias komandaya qələbə qazandırdı. Bu oyunda da bu cür taktiki gedişlər etmək mümkün deyildi?
- Təkcə Almaniya ilə oyunda yox, ondan öncəki matçlarda da etdiyim dəyişikliklər sayəsində qələbə qazanmışdıq. Ancaq bu gün etdiyim dəyişikliklər fayda etmədi.
- Adətən birinci penaltini kapitanlar yerinə yetirir. Ancaq bu gün tərsinə oldu. Bu, sizin göstərişiniz idi?
- Penaltilərdən öncə futbolçunun özüylə danışdım. O özü sonuncu vurmaq istədiyini dedi. Yəni bu, ani qəbul edilmiş qərar idi. Öncədən planlaşdırmamışdıq.