Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən silahlı insident nəticəsində 17 yaşlı bir qızın dünyasını dəyişməsi ölkənin gündəminə çevrilib.
Newsport.az-ın məlumatına görə, sözügedən ölüm hadisəsi ölkədə narazılıqların artmasına səbəb olub. Məsələyə münasibət bildirənlərdən biri də Braziliya milli komandasının və "Barselona” nın sabiq futbolçusu Rivaldo olub. 41 yaşlı veteran hücumçu sosial şəbəkə hesabı vasitəsiylə yaxın günlərdə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına gəlmək istəyən turistlərə belə müraciət edib:
"Buradakı işlər gündən-günə daha da çirkinləşir. Rionu ziyarət etmək istəyən hər kəsə məsləhətim, evlərində qalmaq yolunu seçmələridir. Bu şəhərdə həyatınızı risk altına atmayın. Braziliyamızda bu durumu ancaq allah dəyişdirə bilər”.
Qeyd edək ki, Rio-de-Janeyro da keçiriləcək XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək davam edəcək.