Antalyada təlim-məşq toplanışında olan Qazaxıstan yığması artıq Azərbaycanla yoldaşlıq oyununa hazırdı.
Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin rəqibi matçın keçiriləcəyi meydançada bu gün son məşqinə çıxıb.
Müvəqqəti baş məşqçi Talqat Baysufinovun rəhbərliyi altında keçirilən məşqə yüngül qaçışla başlayan qazaxıstanlılar daha sonra toplu çalışmalara keçiblər.
Ən diqqətçəkən məqam məşqin sonunda ikitərəfli oyunun keçirilməsi idi. Rəqib komanda standart vəziyyətlər və künc zərbələri üzərində də xüsusi hazırlıq keçirdi. Baysufinov kornerlər zamanı hücumçuları qapıçı ilə üzbəüz qoyaraq, yığmamızla qarşılaşmada standart vəziyyətlərin onlar üçün önəmli olacağına bir növ işarə vurub.
Qeyd edək ki, sabah “Gloria” otelinin meydançasında keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.