"Futbolçuların əhval-ruhiyyəsi normaldır. Komandada sağlam ab-hava hökm sürür".
Newsport.az-ın məlumatına görə, bunu Qazaxıstan milli komandasının kapitanı Samat Smakov yerli futbol federasiyanın rəsmi saytına müsahibəsində deyib.
Təcrübəli yarımmüdafiəçi martın 26-da Azərbaycan, martın 29-da isə Gürcüstanla iki vacib oyunlarının olduğunu bildirib. Onun fikrincə, qarşıdakı görüşlərdə heç kim vaxt keçirməyəcək, əksinə, hamı özünü göstərmək istəyilə alışıb-yanır: "Yığmada nəyə qadir olduğunu hər zaman göstərmək lazımdır. Xüsusən, yeni məşqçilər heyətinə. Məşqçilər deyiblər ki, Azərbaycan və Gürcüstanla qarşılaşmalarda heç nəyi qırıb-dağıtmayacaqlar. Çünki yıxmaq asandır, tikməyə isə çox vaxt lazımdır. Bu gün millidə zədəlilər istisna olmaqla, bütün güclü futbolçular cəmləşib. Tanat Nuserbayevdən başqa qalanları sıradadır. Özümə gəldikdə, gənc ikən uğursuzluqlardan sonra ciddi narahatlıq keçirirdim. İndi isə yığmaya yaxşı əhval-ruhiyyədə gəlmişəm. Şadam ki, uzun fasilədən sonra döyüşkən heyətlə bir araya gələ bildik".
Yığmasının 38 yaşlı kapitanı Azərbaycan futbolçularına qarşı həm klub, həm də yığma səviyyəsində tez-tez oynadığını xatırladıb: "O yadımdadır ki, nadir hallarda heç-heçə edirdik. Amma qələbələr də olurdu. Azərbaycan millisində mənə tanış olan futbolçular var. Bu komanda döyüşkən və ambisiyalıdır. Oyun canlı yayımlanacağından, azarkeşlərimiz bizi canlı yayımda izləyə biləcəklər. Fikrimcə, oyun maraqlı alınacaq".
Qeyd edək ki, Qazaxıstan millisi martın 26-da Azərbaycan, 3 gün sonra Gürcüstanla oynayacaq.