"Barselona”nın kapitanı Andres İnyesta yerli mətbuata maraqlı açıqlama verib. 31yaşlı futbolçu Leonel Messi, Luis Suarez və Neymar "üçlüy”ü-nün ən güclü olduğunu bildirib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi bu futbolçularla oynamağın daha asan və baxımlı olduğunu bildirib: "Eto`O və Tyeri Anrini aşağıladığımı düşünməyin. Amma Messi, Neymar və Suarez gördüyüm ən yaxşı "üçlük”-dür. Messinin nə qədər böyük futbolçu olduğu bəllidir. Leo kimi futbolçu bir daha olmayacaq.”
Kapitan həmçinin La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdirən "Barselona”nın hədəfləri barədə də danışıb: "Bu dəqiqə çox sıx qrafiklə oynayırıq. Hər oyuna final oyunu kimi baxmalıyıq. Səbəbini izah edə bilmirəm, amma karyeramın ən yaxşı mövsümünü keçirdiyimi hiss edirəm. Ümid edirəm ki, mövsümü maksimum nəticə ilə başa vura biləcəyik. Sıx qrafik işimizə təsir etmir. Hər şeyi qazanmaq, hər hədəfimizə çatmaq istəyirik.”
Qeyd edək ki, "Barselona” hazırda La Liqanın lideridir.