Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq hücumçusu Rizvan Umarov özünə yeni klub tapıb.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı forvard Estoniyanın "Narva Trans" klubu ilə anlaşıb.
Umarov artıq müqavilə imzaladığı bu komandada ilk oyununa da çıxıb. O, Rusiyanın "Zenit" klubunun ikinci komandasına qarşı keçirilmiş yoxlama oyununun iştirakçısı olub. Rizvan bu görüşdə dubla da imza atıb. Lakin komandası meydanı məğlub tərk edib - 2:3.
Qeyd edək ki, Umarov Rusiyanın "Zenit" klubunun yetirməsidir. O, həmçinin İspaniyanın "Kastelyon", "Elçe" klublarında, Rusiyanın "Anji", "Dinamo" (Sankt-Peterburq) və "SKA-Energiya" komandalarında da çıxış edib.