Portuqaliya millisində Kriştianu Ronaldo ilə baş məşqçi Jorje Jezus arasında Norveçlə oyundan sonra yaranan narazılıq aradan qaldırılıb.
“A Bola”nın məlumatına görə, 41 yaşlı hücumçunun görüşdə meydana çıxmaması ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranıb. Jezus əvvəlcədən Ronaldonu oyunda istifadə etməyi planlaşdırmayıb, daha sonra isə futbolçunu ikinci hissədə təxminən 30 dəqiqə meydana buraxmağı nəzərdə tutub. Ronaldo isinmə hərəkətləri etsə də, nəticədə oyuna daxil olmayıb və bu, onun 18 il ərzində ilk dəfə rəsmi milli komanda matçında meydana çıxmaması ilə nəticələnib.
Oyundan sonra Ronaldo birbaşa paltardəyişmə otağına yollanıb və azarkeşlərlə sağollaşmayıb. Sentyabrın 29-da isə futbolçu komandanın məşqində iştirak etməyərək fərdi şəkildə idman zalında çalışıb.
Yaranmış vəziyyətlə əlaqədar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa oktyabrın 1-də Danimarka ilə keçiriləcək görüş öncəsi komandanın düşərgəsinə gəlib. Yerli mənbələrin məlumatına görə, Proensanın iştirakı ilə Jezus və Ronaldo arasında üçtərəfli görüş keçirilib və danışıqlar müsbət nəticələnib. Tərəflər arasındakı fikir ayrılığının aradan qaldırıldığı və hazırda komandada atmosferin müsbət olduğu bildirilir.