A Seriyası klublarının nümayəndələri İtaliya Hakimlər Assosiasiyası ilə görüş keçiriblər.
Newsport.az xəbər verir ki, görüş zamanı hakimlik yanaşmalarındakı dəyişikliklər müzakirə olunub. Əsas diqqət VAR-ın işinə, futbolçular arasındakı təmasların şərh edilməsi və penaltilərin təyin edilməsinə yönəldilib.
"Football Italia" nəşrinin məlumatına görə, hakimlərə hər xırda təmasa görə oyunu dayandırmamaq və minimal qayda pozuntularına görə cərimə zərbələri təyin etməmək tövsiyə olunur. Xüsusilə cərimə meydançasındakı epizodlar vurğulanır. Burada hakimlərə təmasın xarakterini daha diqqətlə qiymətləndirmək məsləhət görülür.
Bundan əlavə, epizodları nəzərdən keçirərkən hakimlər yalnız yavaşladılmış təkrar görüntülərə əsaslanmamalı, oyunçuların sürətini və təmasın gücünü nəzərə alaraq vəziyyəti konkret oyun kontekstində qiymətləndirməlidirlər. VAR öz növbəsində yalnız baş hakimin aşkar və əhəmiyyətli səhvi zamanı müdaxilə etməlidir. Belə bir yanaşma oyunun dayandırılma sayını azaltmalı və matçları daha dinamik etməlidir.
Hələ mövsümün startından əvvəl hakimlər komandaların daha çox oynamasına icazə vermək və kifayət qədər əsaslar olmadan mübahisəli qayda pozuntularını qeydə almamaq barədə göstəriş alıblar. Cərimə meydançasındakı mübarizəyə və təyin olunan penaltilərin sayına xüsusi diqqət yetirilir.
Mövsümün ilk 50 matçının statistikası bu tendensiyanı təsdiqləyir. Həmin müddət ərzində hakimlər cəmi 5 penalti təyin ediblər.
A Seriyası Liqasının prezidenti Etsio Simonelli qeyd edib ki, yeni yanaşma artıq aktiv oyun vaxtı göstəricisinə müsbət təsir göstərib. Eyni zamanda funksioner etiraf edib ki, yeni sistemin ayrı-ayrı məqamları hələ də əlavə işlənməyə ehtiyac duyur.