Ceyms Milner məşqçilik karyerasına başlamaq üçün "Liverpul"un akademiyasına qayıdıb

İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner məşqçilik təcrübəsi qazanmaq üçün "Liverpul" klubunun akademiyasına qayıdıb.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

40 yaşlı keçmiş yarımmüdafiəçi 24 illik peşəkar futbolçu karyerasını bu yay başa vurub.

Milner UEFA PRO məşqçilik lisenziyası almaq üçün çalışır və "Liverpul" akademiyasının direktoru Aleks İnqltorpun dəvəti ilə klubun məşq prosesinə qoşulub.

Qeyd olunur ki, razılaşmaya əsasən, Milner konkret hansısa yaş qrupuna rəhbərlik etməyəcək. O, akademiyanın məşqçilər korpusuna kömək edəcək.

Təcrübəli futbolçu ötən həftəsonu Kirkbidə yerləşən məşq bazasında 11 yaşadək futbolçulardan ibarət komanda ilə çalışıb. Gözlənilir ki, Milner məşqçilik bacarıqlarını inkişaf etdirdikcə akademiyanın müxtəlif yaş qrupları ilə işləyəcək.

Milner 2015-2023-cü illərdə "Liverpul"un formasını geyinib. O, bu müddətdə bütün turnirlərdə 332 oyuna çıxıb və Yurgen Kloppun rəhbərlik etdiyi komandanın əsas futbolçularından biri olub.

İngiltərə klubu ilə Milner 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub. Növbəti il isə "Liverpul"un İngiltərə Premyer Liqasında çempionluq qazanmasına kömək edib. Onun klubdakı digər titulları arasında UEFA Superkuboku, Klublararası dünya çempionatı, İngiltərə Kuboku və Liqa Kuboku da var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right